TOVUZDA YUBİLEY TƏDBİRİ KEÇİRİLMİŞDİR
İştirakçılar əvvəlcə Heydər Əliyev adına meydanda ulu öndərin abidəsini ziyarət etmiş, önünə əklillər və gül-çiçək dəstələri qoymuşlar.
Rayon mədəniyyət sarayında ümummilli liderin həyat və dövlətçilik fəaliyyətini əks etdirən “Heydər Əliyev” multimedia diski nümayiş etdirilmişdir.
Sonra “Heydər Əliyev və kənd təsərrüfatı” mövzusunda elmi-praktiki konfrans öz işinə başlamışdır. Məruzə ilə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov vurğulamışdır ki, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev Azərbaycanın davamlı iqtisadi inkişaf strategiyasını müəyyənləşdirmiş, radikal islahatlar həyata keçirmişdir.
Sərhəd bölgəsi kimi Tovuz rayonunu daim diqqət mərkəzində saxlayan, 4 dəfə bu rayonda olan Heydər Əliyev rayonun inkişafı üçün kompleks işlərin həyata keçirilməsini təmin etmişdir. Burada 14 şərab zavodunun, Kür çayı üstündən körpünün, saniyədə 3,6 kubmetr su vuran nasos stansiyasının, çox sayda sosial obyektlərin tikilib istifadəyə verilməsi böyük Heydər Əliyevin adı ilə bağlıdır. Tovuzlular ulu öndəri daim xatırlayır və fəxr edirlər ki, ümummilli liderin siyasi strategiyası və onun tərkib hissəsi olan kənd təsərrüfatının inkişaf xətti davamlı xarakter almışdır.
Sonra konfrans “Heydər Əliyev və Tovuz”, “Heydər Əliyev və aqrar islahatlar” mövzularını əhatə edən bölmə iclaslarında öz işini davam etdirmişdir.
Həmin gün incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti olmuş, tovuzluların elliklə qatıldığı şənlik axşamdan xeyli keçənədək davam etmiş, rayonun Heydər Əliyev seyrəngahında, Heydər Əliyev prospektində və yeni inşa edilmiş Olimpiya zirvəsində xalq gəzintiləri təşkil olmuşdur.
Bayram tədbiri Heydər Əliyev meydanında atəşfəşanlıqla başa çatmışdır.
Tədbirlərdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Həvva Məmmədova, Rövşən Rzayev və başqaları iştirak etmişlər.