Tripolidə təyyarədən düşmək istəməyən yunan nazir Qahirədə memorandum imzaladı
Qahirə, 23 noyabr, AZƏRTAC
Tripoli Beynəlxalq Hava Limanında diplomatik qalmaqal baş verib.
AZƏRTAC “Al Arabia” telekanalına istinadla xəbər verir ki, bir neçə gün əvvəl Liviya müvəqqəti hökuməti ilə danışıqlar aparmaq məqsədilə bu ölkənin paytaxtına gələn Yunanıstanın xarici işlər naziri Nikos Dendias son anda təyyarədən çıxmaq istəməyib və hava limanında onu qarşılayan liviyalı həmkarı xanım Nəcla əl-Manquş bu qalmaqalla bağlı açıqlama verib. O qeyd edib ki, yunan nazirin bu hərəkətinə adekvat cavab veriləcək. Liviyanın BMT tərəfindən tanınan hökuməti, həmçinin Afinadakı səfirini geri çağırıb.
Bundan sonra yunan nazirin təyyarəsi Liviyanın Tripolidəki hökumətlə münaqişə vəziyyətində olan Benqazi şəhərinə doğru istiqamət götürüb. N.Dendias burada liviyalı general Xəlifə Həftarla görüşüb və Tripolidəki keçid hökumətinin Türkiyə ilə Aralıq dənizində qaz yataqlarının kəşfi və istismarına dair imzalanmış sənədi qeyri-leqal adlandırıb.
Diplomatik qalmaqaldan sonra yunan nazir Qahirəyə gəlib və onun səfəri çərçivəsində Misirlə Yunanıstan arasında hərbi-texniki, dənizçilik, hava nəqliyyatı sahəsində əməkdaşlığa dair memorandum və sənədlər imzalanıb. N.Dendias imzalama mərasimində də Liviyanın keçici hökumətinin Türkiyə ilə imzaladığı anlaşma memorandumunu beynəlxalq hüquq normalarına zidd sənəd adlandırıb. Rəsmi Tripoli isə bu ittihamları rədd edir və bəyan edir ki, Liviyanın hər hansı bir ölkə ilə əməkdaşlığa dair sənəd imzalaması onun suveren hüququdur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə