Tur-aksiya iştirakçıları yaşadıqları şəhər və rayonlara yola düşüblər
Gəncə, 29 mart, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya iştirakçılarının Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyası uğurla başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Abşeron, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, İmişli və Füzulidən olan məktəblilər martın 29-da Gəncə şəhərindən yaşadıqları şəhər və rayonlara yola düşüblər.
Şagirdlər Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən yola salınıblar.
Qeyd edək ki, 8 şəhər və rayondan olan 320 məktəbli martın 26-dan 29-dək Gəncə şəhərinin, eləcə də Göygöl və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında da məlumat verilib. Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.