Tur-aksiya iştirakçılarının növbəti qrupu Qubada
Quba, 26 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 26-da Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində şimal bölgəsinə ekskursiyaya gələn məktəblilər Qubada qarşılanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Qusar-Xaçmaz marşrutu üzrə təşkil olunan ekskursiyada Cəlilabad, Masallı, Biləsuvar, Hacıqabul, Cəbrayıl, Xocavənd və Zərdab ümumtəhsil məktəblərinin 300-ə yaxın yuxarı sinif şagirdi iştirak edir.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Liderin abidəsini ziyarət etdikdən sonra məktəblilərə rayon haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları dörd gün ərzində Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaq, yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, qolf meydançasına səfər edəcəklər.
Məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəz təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir.
Qarşılanma mərasimindən sonra Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Mərkəzdə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr də yaradılıb.
Daha sonra şagirdlər Gənclər Mərkəzi ilə yaxından tanış olublar.
Tur-aksiya iştirakçıları martın 29-dək Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər.