MƏDƏNİYYƏT
TURİZM HAQQINDA FİLMLƏRİN BİRİNCİ MİLLİ FESTİVALI BAŞA ÇATMIŞDIR
Mərasimi gənclər, idman və turizm naziri Əbülfəs Qarayev açaraq dedi ki, turizm haqqında filmlər festivalı Azərbaycanda ilk dəfə keçirilir və Beynəlxalq turizm günü ərəfəsində başa çatır. O, festivalın bütün iştirakçılarına uğurlar arzuladı, tədbirin təşkilatçılarına və sponsorlarına xüsusi təşəkkür etdi.
Sonra xalq artisti, kinorejissor, professor Eldar Quliyevin sədrlik etdiyi münsiflər heyəti 6 nominasiya üzrə qaliblərin adlarını açıqladı. E.Quliyev dedi ki, festivala Bakı, Lənkəran, Quba, Şamaxı və Zaqatala şəhərlərinin 35 teleşirkəti, kinostudiyası, reklam və dizayn studiyaları 73 iş təqdim etmişdir. İlkin seçimdən sonra 50 işə baxılmış və nominasiyaların qalibləri də onların arasından seçilmişdir.
“Ən yaxşı etnoqrafik film” nominasiyasında qalib adına “Azərbaycantelefilm” teleşirkətinin “Zirvədən boylanan Xınalıq” işi layiq görüldü. Rejissorlar Qabil Abbasovun və İlqar Həsənovun “Azərbaycana xoş gəlmisiniz” filmi (“Lider” teleradio şirkəti) “Ən yaxşı televiziya filmi” adlandırıldı. Bu iş “Ən yaxşı televeriliş” və “Ən yaxşı multimediya məhsulu” nominasiyalarında da qalib gəldi.
Rejissorlar Vyaçeslav Sapunovun və Kamran Məmmədovun çəkdikləri “Azərbaycan təkcə neft demək deyildir” videolenti “Reklam filminin ən yaxşı ssenarisi” elan edildi.
“Ən yaxşı sənədli videofilm” mükafatı “Layn Alyans” teleşirkətinin çəkdiyi “Sirlər xəzinəsi – Qız qalası” filminə verildi.
Mərasimdə “ Ən yaxşı səs rejissoru”, “Ən yaxşı operator” və “Ən yaxşı rejissor” nominasiyalarında da qaliblər müəyyən edildi.
Festivalın 5 milyon manatlıq baş mükafatına rejissor Əli İsa Cabbarov layiq görüldü. “Festivalın ən yaxşı teleşirkəti” elan olunmuş “Lider” teleşirkəti xüsusi mükafat aldı.
Mərasimdə mədəniyyət və incəsənət xadimləri, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin turizm idarələrinin rəhbərləri iştirak edirdilər.