ELM VƏ TƏHSİL
Turizm və Menecment Universiteti akademik mübadilə imkanlarını genişləndirir
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avropa İttifaqının “Erasmus+” proqramı üzrə reallaşan mobillik həftəsində Türkiyənin Eskişehir Osmanqazi Universiteti akademik heyətlə təmsil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, mobillik həftəsində Biznes idarəçiliyi fakültəsinin əməkdaşları və Menecment kafedrasının müdiri Camal Hacıyev ilə Türkiyənin Eskişeher Osmanqazi Universitetindən dosentlər Seher Gülşah Sekmen və Taner Sekmen arasında keçirilən görüş zamanı akademik əlaqələrin inkişaf etdirilməsi istiqaməti diqqətdə saxlanılıb.
ATMU-nun Sosial menecment fakültəsinin dekanı siyasi elmlər doktoru Kənan Allahverdiyev, dekan müavini Sabir Quluzadə, Beynəlxalq münasibətlər kafedrasının müdiri Cənnətxan Eyvazov, Eskişehir Osmanqazi Universitetindən dosentlər Mustafa Yetim və Tamer Kaşıkçının iştirak etdiyi daha bir görüşdə akademik heyət üzvlərinin mübadiləsi, təhsil proqramlarının qarşılıqlı tanınması, müştərək elmi-tədqiqat layihələrinin işlənib-hazırlanması məsələlərinə münasibət bildirilib.
Mobillik həftəsi çərçivəsində ATMU-nun tələbələri üçün “Türkiyə və Azərbaycanın təhsil modelləri”, “İdarəetmə strategiyaları”, “Beynəlxalq münasibətlər” mövzularında mühazirə saatları təşkil olunub.
Sonda tədbir iştirakçılarına sertifikat verilib.