Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri: “Kitabi-Dədə Qorqud” xalqımızın sərvətidir
Bakı, 3 dekabr, Anara Axundova, AZƏRTAC
Rejissor Mikayıl Mikayılovun quruluşunda Azərbaycan Dövlət Yuğ Teatrının “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc” tamaşasının premyerası Bakıda uğurla keçirilib.
AZƏRTAC-ın müxbiri tamaşanın bəzi qonaqları ilə söhbət edib. Türk Mədəniyyəti və İrsi Fondunun Aparat rəhbəri Fəxri Hacıyev qeyd edib ki, “Kitabi-Dədə Qorqud” və digər dastanlarımızın səhnələşdirilməsi, sözsüz ki, milli irsimizin tanıdılması baxımından çox önəmlidir:
“Kitabi-Dədə Qorqud xalqımızın, ümumilikdə bütün Türk dünyasının ən qədim yazılı abidələrindən biridir. Bu əsər təkcə ədəbi sənət nümunəsi deyil, həm də salnamədir, tarixşünaslıq üçün çox misilsiz bir unikal mənbədir. Dastandakı bir çox süjetlər faktiki olaraq tariximizlə uzlaşır, bir çox real tarixi faktlar orada öz əksini tapıb.
Bu tamaşada diqqətimi çəkən mühüm özəllik var idi. Tamaşa qədim oğuz-türk dilində, mətnin yazıldığı orijinal dildə səhnələşdirilib və bu da istər-istəməz tamaşaçını həmin dövrün ruhuna, mühitinə aparır, onu hadisələrlə daha sıx bağlayır, səhnədə təqdim olunanları daha real hiss etməyə imkan verir. Bu yanaşma əsərə tarixşünaslıq, ədəbi irs, mədəniyyət, eləcə də folklor-mifoloji və dil-mədəni aspektlərdən yaxınlaşmağa şərait yaradır. Hesab edirəm ki, belə səhnə işi mədəni, ədəbi, folklor, eyni zamanda, linqvistik və tarixi irsimizin tanıdılması baxımından çox əhəmiyyətlidir.
Çox istərdim ki, irsimiz bu kimi tamaşalar vasitəsilə daha geniş şəkildə, xüsusilə də yeni nəsil, məktəblilər arasında təbliğ olunsun. Çünki şagirdlər dərslikdə oxuduqları mətnləri səhnədə canlı şəkildə gördükdə həmin mövzuya dair bilikləri bir qədər də möhkəmlənir. Həm də qeyd edim ki, gördüyüm tamaşada səhnə tərtibatı, dekorasiya, musiqi, vokal, xoreoqrafiya və ümumiyyətlə əsərin quruluşu, eləcə də rejissorun peşəkarlığı bir-birini tamamlayırdı və hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Aktyorlarımız da rollarını məharətlə ifa etdilər və yüksək səhnə mədəniyyəti nümayiş etdirdilər”.
Yaradıcı kollektivini təbrik edən Fəxri Hacıyev bildirib ki, Yuğ Teatrı deyəndə ilk olaraq görkəmli rejissor Vaqif İbrahimoğlu yada düşür: “Hesab edirəm ki, bu tamaşa onun xatirəsinə gözəl bir ehtiramdır. Onun yetirmələri bu gün də Yuğ Teatrında formalaşdırdığı yaradıcılıq ənənəsini uğurla davam etdirirlər. Bu gün Yuğ Teatrı Azərbaycan teatr həyatında öz sözünü deyə bilir”.
“Kitabi-Dədə Qorqud” xalqımızın sərvətidir. Sevindirici haldır ki, rejissorlarımız klassik ədəbiyyatımıza, qədim yazılı mənbələrimizə müraciət edirlər, üstünlük verirlər. Məncə, tək bu yox, dastanın digər boyları da həm Azərbaycanda, həm də digər oğuz bölgələrində və türk respublikalarında uğurla səhnələşdirilə bilər. Bu, türk xalqlarının mədəni inteqrasiyası baxımından böyük rol oynaya bilər”, — deyə F. Hacıyev qeyd edib.
“Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc” tamaşası “Kitabi-Dədə Qorqud” dastanının ilk boyu əsasında hazırlanıb və dünyanın yeganə tamaşasıdır ki, mətn əlyazmanın orijinal dili olan oğuz şivəsində ifa olunur. Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi dastanın bütün 12 boyunun səhnələşdirilməsini planlaşdırır və bu boyların hamısı yekunda bir ümumi tamaşada birləşdiriləcək.