TÜRKİYƏ CƏNUBİ KİPRİN ƏLİNDƏ GİROV OLMAMALIDIR
Ərdoğan Avropa İttifaqını “Ankaranın taleyini Kipr Respublikasının həll etməsinə” yol verməməyə çağırmış, habelə bir daha bildirmişdir ki, Türkiyənin Aİ-yə daxil olmasına dair danışıqlar prosesinin qismən dayandırılması barədə Avropa Komissiyasının tövsiyəsi məqbul deyildir.
Ərdoğan demişdir: “Cənubi Kipr iqtidarı Türkiyəyə adada vəziyyətin nizama salınması üzrə bir sıra tədbirləri onun başa düşdüyü kimi qəbul etdirməyə çalışır, halbuki bu məsələlərin həlli çoxtərəfli müdaxiləni tələb edir”.
O təəssüflə bildirmişdir ki, “Aİ-də sədrlik edən Finlandiya Kipr məsələsinin tənzimlənməsinə cəlb olunmuş tərəflərdən birinin güzəştsiz və qeyri-məqbul mövqeyi üzündən çətin vəziyyətə düşmüşdür”.
Vanhanen isə demişdir ki, “Avropa Komissiyasının qərarı danışıqlar prosesinin təxirə salınması demək deyildir. Müəyyən ləngimə baş verə bilər, amma məqsəd eyni olaraq qalır. Biz öhdəliklərimizə sadiqik və Türkiyənin yeri Avropa İttifaqındadır”.
Finlandiyanın Baş naziri demişdir ki, “Kiprə dair axırıncı məsləhətləşmələr səmərəli olmasa da, Türkiyə Aİ normalarına uyğun olaraq islahatlar aparılmasında müsbət dinamika göstərir”. Bununla yanaşı, o bir daha xatırlatmışdır ki, “Ankara Gömrük İttifaqı haqqında sazişə özünün imzaladığı əlavə protokolun tələbinə indiyədək əməl etməmişdir. Ona əsasən, Türkiyə öz dəniz və hava limanlarını Kipr Respublikasının gəmiləri və təyyarələri üçün açmalıdır”.