Türkiyə KİV-ləri: vaxt gələcək Xocalı soyqırımını törədənlər məsuliyyətə cəlb olunacaqlar
İstanbul, 10 mart, АZƏRTAC
Türkiyədə fəaliyyət göstərən bir sıra kütləvi informasiya vasitələri AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Sabir Şahtaxtının “Xocalı soyqırımı: sülhsevər dünya ictimaiyyəti üçün silinməyən ləkə” sərlövhəli məqaləsini yayıb.
Türkiyənin çoxtirajlı “Yeşil Iğdır” qəzeti, eləcə də Gazetekars, Kha, Kocaelihaberci və digər xəbər portalları tərəfindən yayılan məqalədə Xocalı soyqırımının səbəb və nəticələri barədə türkdilli oxuculara ətraflı məlumat verilir. Tarixi faktlara istinad edən müəllif yazır ki, beynəlxalq terrorizmin əsasını təşkil edən erməni terrorçuluğu cəzasızlıq səbəbindən sürətlə inkişaf edərək təkcə Azərbaycanı və Türkiyəni deyil, saxta “Böyük Ermənistan” iddiasını qəbul etməyən erməniləri də hədəf alıb. 1978-ci ildə Moskva Metrosunda terror törədən ermənilərin cinayət işinin hələ də məxfilikdən çıxarılmaması, ABŞ və bir sıra Avropa ölkələrində həbsdə olan erməni terrorçularının müxtəlif bəhanələrlə azadlığa buraxılması faktlarının dünyadakı ikili standartların tərkib hissəsi olduğunu vurğulayan S.Şahtaxtı yazır ki, Xocalı soyqırımının törədilməsinin səbəblərindən biri də erməni millətçi dairələrinin terrorçuluq fəaliyyətinin cəzasızlığıdır.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanındığını diqqətə çatdıran müəllif sonrakı dövrdə bu istiqamətdə görülən işlərdən bəhs edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər xüsusi qeyd edilir. Məqalədə əminliklə bildirilir ki, vaxt gələcək Xocalı soyqırımını törədənlər əməllərinə görə məsuliyyətə cəlb olunacaqlar.