CƏMİYYƏT
TÜRKİYƏ YENİ TERROR DALĞASI İLƏ QARŞILAŞA BİLƏR
Türkiyə Böyük Millət Məclisi terroristlərin silahları təhvil verib evlərinə qayıtması üçün xüsusi qanun qəbul etmişdir. PKK-KADEK terror təşkilatı isə bu qanunun çərçivəsinin genişləndirilməsini və əfvin təşkilatın rəhbərliyinə, o cümlədən Abdullah Öcalana da tətbiq olunmasını tələb edir.
Türkiyənin kütləvi informasiya vasitələri İranda KADEK-in 1-ci konqresinin keçirildiyi, yeni, kürdcə “Partiye Serhildan Demokratik” (PSD) adlanan qurumun təsis olunduğu barədə xəbərlər yaymışlar.
Avropa Birliyi PKK-KADEK təşkilatının yenidən terror aktlarına başlaması bəyanatını “qalmaqal və gücsüzlük əlaməti” kimi dəyərləndirmişdir.
Avstriyada səfərdə olan Türkiyə Baş nazirinin müavini və xarici işlər naziri Abdullah Gül isə PKK-KADEK-in bəyanatı ilə əlaqədar demişdir ki, “biz terrordan çox çəkmişik. Əfv qanunu terrorda əli olmayan, insanların həyatına qəsd etməyən vətəndaşlara şamil edilir. Bölücülüyə heç bir zaman icazə verməyəcəyik”.