Türkiyəli məşhur uşaq nevroloqu Bakıda autizmli uşaqları müayinə edəcək
Bakı, 19 oktyabr, AZƏRTAC
Autizm - Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Autizm Spektri pozuntusundan əziyyət çəkən şəxslərin sosial və psixoloji reabilitasiya sahəsində təşəbbüslər” layihəsini uğurla davam etdirir.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihənin icrası zamanı məlumat xarakterli tədbirlər təşkil edilir. Valideynlərin məlumatlandırılması və qabaqcıl təcrübələrdən yararlanması üçün yol göstərilir. Eyni zamanda, valideynlərə autizmli övladı ilə ünsiyyət qurmaq və digər davranış metodları öyrədilir.
Layihə çərçivəsində valideynlər üçün təlimlər nəzərdə tutulub. Eyni zamanda, beynəlxalq təcrübədən yararlanmaq məqsədilə noyabr ayının 18-də dünyada və Türkiyədə məşhur olan uşaq nevroloqu Bakıya gələcək və geniş auditoriyada təlim təşkil ediləcək. Təlimdən sonra fərdi surətdə autizmli uşaqların müayinəsinin təşkili planlaşdırılır.
Layihə çərçıvəsində məlumat xarakterli kitabça və bukletlər nəşr ediləcək, valideynlərə və digər cəmiyyət üzvlərinə paylanılacaq. Autizm probleminin həlli ətraf aləmin məlumatlanmasından başlayır. Bu səbəbdən cəmiyyət bu sahədə geniş məlumatlı olmalıdır.