İQTİSADİYYAT
Türkiyənin 4 televiziya kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb
Bakı, 3 iyun, AZƏRTAC
Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC və Türkiyənin bir neçə televiziya kanalı arasında kanalların yayımına dair müqavilə imzalanıb.
“Azərkosmos” ASC-dən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, Türkiyənin region kanalları “Alanya TV”, “Zonguldak TV” və “Aras TV” kanalları, eləcə də “A Shopping TV” kanalı iyunun 2-dən “Azerspace-1” peyki vasitəsilə 11027/H/7500 tezliyi ilə yayımlanır.
Qeyd edək ki, Türkiyədə geniş izləyici kütləsi olan adıçəkilən region kanallarında əsasən, əyləncə xarakterli verilişlər, musiqi verilişləri, bədii, sənədli və cizgi filmləri, seriallar nümayiş olunur. Türkiyənin, Rusiyanın, eləcə də Mərkəzi Asiyanın ən çox izlənilən e-ticarət telealış-veriş kanalı olan “A Shopping TV” kanalı isə digər peyklərlə yanaşı, artıq “Azerspace-1” peyki üzərindən də yayımlanır.