QAN YADDAŞI
TÜRKİYƏNİN ADANA ŞƏHƏRİNDƏ XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNİ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
MƏRASİMDƏ HEYDƏR ƏLİYEV FONDUNUN TƏBLİĞAT MATERİALLARINDAN GENİŞ İSTİFADƏ OLUNMUŞDUR
Ankara, 23 fevral (AZƏRTAC). Fevralın 22-də Azərbaycanın Türkiyədəki səfirliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyənin Adana şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirmişdir.
Mərasimdə Diaspor ilə İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, ölkəmizin Türkiyədəki səfiri Zakir Həşimov, tarixçilər və tələbələr 17 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən azərbaycanlılara qarşı Xocalı şəhərində törədilmiş misli görünməmiş qətliamdan bəhs etmiş, dünya ictimaiyyətinin bu soyqırımına siyasi və hüquqi qiymət verməsinin zəruriliyini vurğulamışlar. Qeyd olunmuşdur ki, son illər Türkiyə və Azərbaycanın dövlət başçılarının möhkəm iradəsi və əzmi nəticəsində diaspor təşkilatlarının qardaş xalqlarımızın haqq səsini dünyaya yaymaq sahəsində geniş əməkdaşlıq etməsi təqdirəlayiq haldır.
Tədbirdə Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” filmi və ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən kitablar, xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi ilə bağlı dərc edilmiş materiallar, Heydər Əliyev Fondunun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin nümunələrindən ibarət ekspozisiyalar nümayiş olunmuşdur.
Azərbaycanın Türkiyədəki səfirliyinin hazırladığı “Xocalı və onun dəhşətləri” bukletləri də mərasim iştirakçılarına paylanmışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara