TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRİ ƏDLİYYƏ NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ilə görüşmüşdür.
Qonağı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir, xalqlarımızın qədim tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələrinin günbəgün inkişaf etdiyini bildirmiş, ölkələrimiz arasında mövcud olan zəngin müqavilə-hüquq bazasının bütün sahələrdə, o cümlədən hüquqi əlaqələrin daha da genişlənməsinə şərait yaratdığını qeyd etmişdir.
Görüşdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli demokratik islahatlar, o cümlədən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, hakimliyə namizədlərin ən mütərəqqi, şəffaf üsullarla seçilməsi və digər istiqamətlərdə görülən genişmiqyaslı işlər barədə məlumat verilmişdir. Hüquqi sahədə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilərək, səmərəli əməkdaşlıq nəticəsində yüksək ixtisaslı türkiyəli mütəxəssislər tərəfindən hakimliyə namizədlər üçün xüsusi kurslar keçirilməsi, hakimliyə namizədlərin böyük bir qrupunun Türkiyədə birhəftəlik təcrübə keçməsi, habelə Türkiyənin yeni, müasir tələblərə cavab verən penitensiar müəssisələrin inşası təcrübəsindən ölkəmizin istifadə etməsi məmnuniyyətlə vurğulanmışdır.
Sürətli inkişaf dövrünü yaşayan Azərbaycanda həyata keçirilən hərtərəfli islahatları, ədliyyə və məhkəmə sahəsində görülən mütərəqqi tədbirləri və əldə edilən uğurları yüksək qiymətləndirən səfir, hüquqi sahədə əlaqələrin və qarşılıqlı səfərlərin hər iki tərəf üçün əhəmiyyətini vurğulamış, əməkdaşlığın genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə hüquqi əməkdaşlığın konkret sahələri ilə bağlı faydalı fikir mübadiləsi aparılmışdır. Sonra qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.