Türkiyənin ilkin səhiyyə xidməti sistemi öyrənilir
Bakı, 12 iyul, AZƏRTAC
Türkiyənin ilkin səhiyyə xidməti (İSX) sisteminin öyrənilməsi və Azərbaycanda İSX-nin gücləndirilməsi üçün iş proqramına dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkil etdiyi səfərin iştirakçılarına sertifikatlar təqdim olunub. Səfər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Şamaxı rayonunda həyata keçirilən “PROACT-Care” layihəsi çərçivəsində təşkil olunub.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, sertifikat mərasimindən sonra iştirakçılarla fikir mübadiləsi aparılıb və növbəti addımlar üçün təkliflər səsləndirilib.
Səfərin məqsədi Türkiyədə İSX sistemini müşahidə etmək və funksional inteqrasiya olunmuş ictimai səhiyyə və ilkin səhiyyə sistemi üçün Azərbaycanda tətbiq oluna biləcək strategiyaları öyrənmək olub.
Nümayəndə heyəti Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Bakı Baş Səhiyyə İdarəsi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, USAID və bir sıra yerli tibb və sağlamlıq mərkəzlərinin əməkdaşlarından ibarət olub.