TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ GÜRCÜSTANA RƏSMİ SƏFƏRƏ GƏLMİŞDİR
“Novosti” agentliyindən AZƏRTAC-a daxil olmuş xəbərə görə, Türkiyənin xarici işlər naziri Yaşar Yakış Gürcüstanda rəsmi səfərdədir.
Gürcüstan Xarici İşlər Nazirliyindən bildirmişlər ki, Türkiyədə vaxtından əvvəl parlament seçkilərindən sonra bu, Türkiyənin yeni hökumətinin yüksək vəzifəli nümayəndəsinin Gürcüstana ilk səfəridir. Yaşar Yakışın ilk rəsmi səfərini Gürcüstana etməsi iki ölkə arasında mehriban qonşuluq münasibətləri olduğunu bir daha sübut edir.
Səfərin birinci günü Yaşar Yakış Gürcüstan prezidenti Eduard Şevardnadze, parlamentin sədri Nino Burcanadze, Dövlət naziri Avtandil Corbenadze və xarici işlər naziri İrakli Menağarişvili ilə görüşmüşdür.
Danışıqlarda tərəflər regional problemlərlə, birgə iqtisadi layihələrin həyata keçirilməsinin sürətləndirilməsi ilə bağlı məsələləri, habelə beynəlxalq terrorizmlə mübarizədə əməkdaşlığı dərinləşdirməyin perspektivlərini, Cənubi Qafqazdakı münaqişələrin həlli yollarını müzakirə etmişlər.
Fevralın 12-də Türkiyənin xarici siyasət idarəsinin başçısı Gürcüstan hökumətinin xüsusi tapşırıqlar üzrə naziri Malxaz Kakabadze, siyasi partiyaların nümayəndələri və Milli Hərbi Akademiyanın kursantları ilə görüşmüşdür.
Türkiyə xarici işlər nazirinin Gürcüstana səfəri fevralın 13-də başa çatacaqdır.