SİYASƏT
TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ İSTEFA VERMİŞDİR
İyulun 11-də Türkiyənin xarici işlər naziri İsmayıl Cəm vəzifəsindən istefa vermiş və mənsub olduğu Demokratik Sol Partiyadan (DSP) çıxdığını bildirmişdir. Bundan əvvəl isə daha altı nazir istefa vermişdir. İsmayıl Cəmin istefası ölkədə hökumət böhranını daha da dərinləşdirmişdir. Nazirin istefasının ardınca, DSP-dən olan daha iki millət vəkili də partiya sıralarından çıxmışdır. Beləliklə, DSP-nin parlamentdəki mandatlarının sayı 128-dən 90-a enmişdir. Hazırda Türkiyə Böyük Millət Məclisində ən böyük fraksiya 127 mandata malik Millətçi Hərəkat Partiyasıdır (MHP). Ölkədəki siyasi şərhçilər yaxın günlərdə DSP-dən növbəti istefaların olacağını bildirirlər.
Artıq yalnız müxalifət partiyaları deyil, hökumət mənsubları da erkən parlament seçkilərinin qaçılmaz olduğunu vurğulayırlar.
MHP-nin təşəbbüsü ilə, hazırda tətildə olan millət vəkilləri parlamentin fövqəladə iclasina çağırılacaqlar. Həmin iclasda növbədənkənar parlament seçkilərinin tarixi müəyyənləşdiriləcəkdir. Çox ehtimal ki, mövcud hökumət koalisiyası növbədənkənar parlament seçkilərinə qədər öz vəzifəsini icra edəcəkdir.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara