Türkiyənin “Yeni çağ” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub
İstanbul, 2 mart, АZƏRTAC
Türkiyənin nüfuzlu “Yeni çağ” qəzetində Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin Xocalı soyqırımı ilə bağlı məqaləsi dərc olunub.
“Qarabağla kifayətlənmədilər”, “Gizlin silahlanma” və “İşğal üçün zəmin yaratmaq” yarımbaşlıqları ilə bədnam erməni şovinistlərinin xislətindən irəli gələn xəyanətkarlıq, o cümlədən Xocalı soyqırımının törədilməsinin məqsədi və dəhşətli nəticələri barədə türkdilli oxuculara müfəssəl məlumat verilir. Xocalı soyqırımı törədilərkən əsir və girov götürülən vətəndaşlarımızın böyük bir qisminin taleyi barədə hələ də düşmən tərəfindən məlumat alınmadığını qeyd edən baş konsul erməni millətçi dairələrinin XIX əsrin sonlarından başlayaraq, Qafqazda və Anadoluda müsəlman-türk əhaliyə qarşı törətdikləri cinayətlərdən bəhs edir.
Məqalədə diqqətə çatdırılır ki, 1905-1907-ci illərdə Azərbaycan xalqına qarşı amansız cinayətlər törədən erməni vandalları 1918-ci ilin mart-aprel aylarında daha da azğınlaşaraq, Bakı da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində on minlərlə günahsız insanı qətlə yetiriblər. Bu həqiqətlər uzun zaman kəsiyində dünya ictimaiyyətindən gizlədilib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qaydışından sonra tarixi ədalətsizlik aradan qaldırıldı və 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan olundu, Xocalı faciəsinə Milli Məclis tərəfindən hüquqi-siyasi qiymət verildi.
Məqalədə, həmçinin qeyd olunur ki, Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı tarix boyu törətdikləri soyqırımların davamıdır. Təcavüzkar Ermənistanın kriminal rəhbərliyi uydurma “erməni soyqırımı” mövzusunu gündəmdə saxlamaqla, Türkiyəyə qarşı əsassız iddialarını davam etdirməkdədir. Halbuki həmin şəxslər Xocalı soyqırımını törətməklə və bunu özləri də etiraf etməklə əslində “erməni soyqırımı”nın uydurma olduğunu təsdiqləyirlər. Müəllif məqalədə erməni terror təşkilatlarının Türkiyədə, həmçinin ayrı-ayrı ölkələrdə türk diplomatlarına qarşı törətdikləri terror aktlarını da oxucuların diqqətinə çatdırır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul