CƏMİYYƏT
TÜRKSOY-un əməkdaşı: Böyük Qələbə xalqımızın qürur səltənətini daha da zənginləşdirib
Ankara, 22 oktyabr, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı böyük Qələbə, tarixi ədalətin mili birliyin gücü ilə bərpa olunması xalqımızın qürur səltənətini daha da zənginləşdirib. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyir, ailələrinə və övladlarına ehtiramımızı çatdırırıq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) əməkdaşı tarix üzrə fəlsəfə doktoru Cavid Mövsümlü ifadə edib.
Qarabağdakı hərbi zəfərin milli dövlətçilik tariximizdə ən qürurlu səhifələrdən biri olduğunu xatırladan tarixçi alim deyib: “Bu Qələbə yalnız işğal altındakı torpaqlarımızın düşmən tapdağından qurtuluşu deyil, xalqımızın Vətən və torpaq naminə nələrə, hansı gücə sahib olmasının göstəricidir”.
Böyük Zəfər sayəsində regionda dəyişən geosiyasi vəziyyətin bütün tərəflərə faydalı münasibətlər şansı yaratdığını diqqətə çatdıran TÜRKSOY-un əməkdaşı deyib ki, Qarabağın azad olunması Azərbaycanın siyasi, iqtisadi, mədəni və humanitar həyatında yeni bir mərhələnin əsasını qoyub. İndi Azərbaycanın beynəlxalq müstəvidəki yeri, rolu və tələbləri tamam fərqli olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara