CƏMİYYƏT
“Tütünçəkmə sağlamlığa təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirilib
![“Tütünçəkmə sağlamlığa təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirilib](/files/2022/3/1200x630/16674808732228623432_1200x630.jpg)
Bakı, 3 noyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən noyabrın 3-də “Yaşa” mərkəzində “Tütünçəkmə sağlamlığa təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, “Üçüncü bahar” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirin məqsədi ahıl yaşlı insanlar arasında sağlam həyat tərzini təbliğ etmək, tütünçəkmə və digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirlərindən söz açmaq idi.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində geniş maarifləndirmə işləri aparıldığını qeyd edib: “Səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən sağlam həyat tərzi təbliğ olunur, tütünçəkmə və digər zərərli vərdişlərdən imtina etməyin vacibliyi bir daha izah edilir”. O vurğulayıb ki, zərərli vərdişlərin yaratdığı asılılıqdan xilas olmaq hər yaşda mümkündür və sağlam həyat tərzi seçmək üçün heç vaxt gec deyil.
İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev zərərli vərdişlərin qeyri-infeksion xəstəliklərin əsas risk amili olduğunu diqqətə çatdırıb: “Tütünçəkmənin təsiri nəticəsində hər il 8 milyon insan həyatını itirir. Təəssüf ki, onların 1 milyonu passiv tütünçəkmənin qurbanlarıdır”.
Birliyin nümayəndəsi Narxanım Paşayeva zərərli vərdişlərin həm sağlamlıq, həm də ətraf mühit və cəmiyyət üçün mənfi təsir göstərdiyini bildirib və səhiyyə işçilərinin sağlam həyat tərzinin təşviqi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici materiallar təqdim olunub.