Ufada Ebola qızdırması əlamətləri ilə 25 yaşlı tələbə xəstəxanaya yerləşdirilib
Bakı, 20 avqust (AZƏRTAC). Ufada (Başkortostan Respublikası, Rusiya Federasiyası) Ebola qızdırması virusu üçün səciyyəvi əlamətləri olan tələbə Rusiyada bu xəstəliyin yayılması mənbəyinə çevrilə biləcəyinə görə xəstəxanaya yerləşdirilib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, əslən Nigeriyadan olan 25 yaşlı tələbə Məhəmməd Sadiq Ufa şəhərinin yoluxucu xəstəliklər müalicəxanasına çatdırılıb. Onda Ebola qızdırması üçün səciyyəvi əlamətlər, o cümlədən, bədən hərarətinin 40 dərəcəyə çatması və həddən artıq tərləmə müşahidə olunur.
Məhəmməd Sadiq Başkortostanın paytaxtındakı ali məktəblərdən birinin magistraturasında oxuyur. Afrikalı tələbə yay tətili günlərində qohumlarına baş çəkmək üçün Nigeriyaya gedib, sonra isə təhsilini davam etdirmək üçün Ufaya qayıdıb.
Ufa Səhiyyə Departamentinin ilkin diaqnozuna görə, nigeriyalı tələbənin bu xəstəliyə yoluxması ehtimal edilir. Həkimlərin müvafiq analizlər aparması və diaqnozu dəqiqləşdirməsi üçün vaxt lazımdır.
Qeyd edək ki, Qərbi Afrika ölkələrini cənginə almış Ebola qızdırması epidemiyası bəşəriyyət tarixində ən geniş əhatəli epidemiyadır.
Ebola qızdırması xəstənin qanı və ya fizioloji məhlulları ilə birbaşa kontakt nəticəsində yayılır. Xəstəlik zamanı pasiyentin hərarətinin artması, qusma, diareya, həmçinin xarici orqanlardan, o cümlədən gözlərdən, qulaqlardan və burundan qanaxma müşahidə olunur. Epidemiyanın əvvəlki dalğalarında ölüm hallarının sayı 90 faizə çatırdı, indi bu göstərici 50 faizə yaxındır.
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, Qərbi Afrikada daha 84 nəfər Ebola qızdırması səbəbindən ölüb. Xəstəlik qurbanlarının ümumi sayı 1229 nəfərə, virusla yoluxma hallarının sayı isə qeyri-rəsmi məlumatlara görə, 2240-a çatır. Onlardan 113 nəfəri keçən həftənin sonunda yoluxub.
Qərbi Afrikada xüsusilə təhlükəli vəziyyət yaranıb: Liberiyada 466, Qvineyada 394, Syerra-Leonedə 365, Nigeriyada 4 nəfər ölüb.
DST Ebola qızdırması epidemiyası yayılmış ölkələrin hakimiyyət orqanlarını hava və dəniz limanlarından, iri sərhəd məntəqələrindən keçən bütün sərnişinləri Ebola qızdırması virusu ilə əlaqədar yoxlamağa çağırır.