UFAZ-da magistratura proqramının təqdimatı olub
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2020/2021-ci tədris ilindən etibarən ilk dəfə fəaliyyətə başlayacaq magistratura proqramının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ-ın fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, UFAZ-ın yaradılmasında məqsəd Azərbaycan gənclərinin vətəni tərk etmədən Avropa səviyyəsində təhsil almasına şərait yaradılmasıdır. UFAZ-da bakalavr pilləsi üzrə təhsil uğurla aparılır. Bunun nəticəsidir ki, növbəti tədris ilindən magistratura təhsilinə başlanılacaq. UFAZ-da magistratura təhsili tətbiqi kompüter elmləri, geofizika, fiziki kimya və kimya mühəndisliyi ixtisasları üzrə aparılacaq. İki il nəzərdə tutulan magistratura proqramının sonunda məzunlara iki diplom (ADNSU və Unistra) veriləcək. Bakalavrda olduğu kimi, magistratura proqramı üzrə də tədris ingilis dilində aparılacaq.
Rektor qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin magistratura imtahanından 70-dən çox bal toplayan bütün yerli və xarici tələbələr UFAZ-a sənəd verə bilər. Hər 3 ixtisas üzrə magistratura təhsili Azərbaycan Respublikası tərəfindən maliyyələşdirilir. UFAZ-ın qəbul imtahanının aprelin 27-də keçirilməsi nəzərdə tutulur.
Fransanın Azərbaycandakı səfiri Zakari Qross məlumat verib ki, Fransa dünyanın bir çox ölkələri ilə ikili diplom proqramlarını icra edir. Lakin əməkdaşlıq göstərir ki, Azərbaycanla həyata keçirilən ikili diplom proqramı daha uğurlu alınıb.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev vurğulayıb ki, UFAZ çox uğurlu bir layihədir. Bu il 129 nəfər UFAZ-ın bakalavr pilləsini bitirəcək. UFAZ-a ilk dəfə qəbul 2016-cı ildə aparılıb və 141 tələbə bakalavr pilləsi üzrə qəbul olunub. UFAZ-ın ilk bakalavr buraxılışı göstərir ki, burada keyfiyyət göstəricisi 90 faizdən çoxdur.
UFAZ-ın elmi eksperti, professor Pyer Kollet diqqətə çatdırıb ki, magistr proqramındakı ixtisaslar üzrə 80 yer nəzərdə tutulur. Bu pillədə təhsil alan tələbələr tədrisin ikinci ilindən etibarən Fransada tədqiqat aparmaq üçün təqaüd əldə etmək imkanı da qazanacaqlar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.