DÜNYA
UKRAYNA PREZİDENTİ CƏRRAHİYYƏ ƏMƏLİYYATINDAN SONRA İKİ-ÜÇ HƏFTƏ MÜALİCƏDƏ OLACAQ
AZƏRTAC-ın Kiyev müxbirinin xəbər verdiyi kimi, Ukrayna Prezidenti Leonid Kuçma üzərində bazar ertəsi cərrahiyyə əməliyyatı aparılmışdır. Ukrayna Tibb Elmləri Akademiyasının prezidenti Aleksandr Vozianov Prezidentin üzərində əməliyyat aparılmış “Feofaniya” respublika klinik xəstəxanasında noyabrın 18-də mətbuat konfransı keçirərək bildirmişdir ki, Leonid Kuçmanın əməliyyatdan sonra bərpa müddəti təxminən iki-üç həftə çəkəcəkdir.
A.Vozianov demişdir ki, dövlət başçısı “özünü tam qənaətbəxş hiss edir. Cərrahiyyə əməliyyatı vaxtında aparılmışdır, heç bir fəsad yoxdur”.
O xatırlatmışdır ki, Prezident 1968-ci ildə Krımda istirahətdə olarkən appendiksin kəsilməsi üçün onun üzərində cərrahiyyə əməliyyatı aparılmışdı. Lakin əməliyyat gecikdirilmişdi və bu, peritonitə gətirib çıxarmış, nəticədə “çoxlu bitişmə əmələ gəlmişdi”.