SİYASƏT
UKRAYNA SƏFİRİNİN MƏTBUAT KONFRANSI
Avqustun 30-da Ukraynanın Aərbaycandakı səfiri Boris Aleksenko ölkəsinin müstəqilliyinin 10-cu ildönümünə həsr edilmiş mətbuat konfransı keçirmişdir.
Diplomat bildirdi ki, 1991-ci il avqustun 24-də ali qanunvericilik orqanı - Ukrayna Ali Radası ölkənin dövlət müstəqilliyini elan etmişdir. 1991-ci il dekabrın 1-də Ümumukrayna referendumu Ukrayna xalqının əsrlər boyu arzuladığı müstəqilliyi böyük səs çoxluğu ilə (90 faizdən artıq) təsdiqləmişdir.
Boris Aleksenko Ukrayna dövlətçiliyinin tarixindən danışaraq dedi ki, bu tarix qüdrətli Kiyev Rus dövlətindən başlanır. Sonralar Ukrayna dövlətçiliyi demokratik qurum-Zaporojye Seci, sonralar isə Ukrayna Xalq Respublikası formasında dəfələrlə dircəldilmişdir.
Səfir dedi ki, müstəqillik elan olunduqdan sonra Ukrayna vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi yolunu tutmuşdur. Müstəqilliyin on ili ərzində Ukrayna Konstitusiyası və 600-dək qanun qəbul edilmişdir. İndi Ukrayna iri aqrar-sənaye ölkəsidir. 1998-ci ildə İqtisadiyyatdakı çoxillik tənəzzül aradan qaldırıldıqdan sonra 1999-cu ildə sənaye istehsalının artımı 4,3 faiz, 2000-ci ildə isə 12,9 faiz olmuşdur.
Boris Aleksenko vurğuladı ki, Ukraynanın strateji tərəfdaşı olan Azərbaycan ikitərəfli münasibətlərin inkişafında MDB ölkələri arasında xüsusi yer tutur. Ukrayna və Azərbaycan xalqlarının ənənəvi dostluq münasibətləri iki ölkə prezidentlərinin şəxsi dostluğu ilə möhkəmlənmiş, son illər daha da inkişaf edərək, keyfiyyətcə yeni səviyyəyə qalxmışdır. Ölkənimizin nümayəndə heyətləri beynəlxalq və regional təşkilatlarda - BMT-də, ATƏT-də, AŞ-da, NATO-da, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, MDB-də və başqa qurumlarda fəal əməkdaşlıq edirlər. Ukrayna ilə Azərbaycanın GUÖAM çərçivəsində əməkdaşlığı da kifayət qədər sıxdır.
Sonra Boris Aleksenko jurnalistlərin suallarına cavab verdi.