Ukrayna və Azərbaycan bitki karantini sahəsində əməkdaşlığı genişləndirir
Kiyev, 14 noyabr (AZƏRTAC). Ukrayna və Azərbaycan bitki karantini sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırırlar. Bunu AZƏRTAC-a Ukraynanın Aqrar Siyasəti və Ərzaq Nazirliyinin mətbuat xidmətindən bildirmişlər.
Noyabrın 13-də Ukraynanın Nazirlər Kabineti “Bitki karantini sahəsində əməkdaşlıq haqqında Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikasının hökuməti arasında saziş imzalanması haqqında” sərəncamın layihəsini qəbul etmişdir.
Sənəd bitki karantini sahəsində ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə, bitki mənşəli məhsulun ticarətində maneələrin aradan qaldırılmasına, habelə bitkilərin mühafizəsi haqqında Beynəlxalq konvensiyanın müddəalarına və Fitosanitariya qaydaları üzrə beynəlxalq standartlara əməl olunmasına kömək göstərəcəkdir.
Qəbul olunmuş sərəncam layihəsi istər texniki, istərsə də strateji səviyyədə fitosanitariya məsələlərinə dair informasiyanın, sənədlərin, nailiyyətlərin nəticələrinin qarşılıqlı mübadiləsini təmin edən, suveren bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsiplərinə əsaslanan ikitərəfli saziş bağlamağa imkan verəcəkdir. Sonra sənəd dövlətlərin ərazilərinin karantin orqanizmlərinin yayılmasından mühafizəsini təmin edəcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev