Ukraynada təsdiq edilmiş yeni sterilizə qaydalarının müəllifi həmvətənimizdir
Yeni qaydaların müəllifi P.L.Şupik adına Ukrayna Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, Dünya Səhiyyə Təşkilatının Avropa Bürosu yanında Ukraynanın milli əlaqələndiricisi, bizim həmvətənimiz, tibb elmləri doktoru, professor Aydın Salmanovdur.
Xatırladaq ki, Aydın müəllim Ukraynada Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəridir. Ona Azərbaycanın şanlı qızı, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın rəhbərliyi altında həkimlik peşəsini təkmilləşdirmək nəsib olub. A.Salmanov Zərifə xanım Əliyevanın nurlu xatirəsinə həsr olunan “Cərrahlıqda risklərin idarə edilməsi” və “İnfeksiya nəzarəti standartları” kitablarının müəllifidir.
Professor Salmanov AZƏRTAC-a verdiyi müsahibəsində yeni qaydaların təsdiq olunmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirib ki, bu sahədə əvvəlki qaydalar tibb elminin müasir nailiyyətlərinə uyğun olmadığı üçün 2010-cu ildə həmin qaydalar ləğv edilib.
Klinik praktikada istifadə edilən müasir tibbi avadanlığın, cərrahiyyə və stomatologiya alətlərinin daha keyfiyyətli sterilizə olunmasını təmin edəcək yeni qaydalar Londondakı Beynəlxalq Sterilizə Assosiasiyası tərəfindən bəyənilib və beynəlxalq konfransda təqdim olunub.
Professor A.Salmanov sonda vurğulayıb ki, Ukraynada onun başçılıq etdiyi, 11 akademik və 24 professor, tibb elmləri doktorunun çalışdığı Mərkəz xəstələrin infeksion təhlükəsizliyi və müvafiq tövsiyələr işlənib hazırlanması, tibbi profilli ali məktəblər üçün ən yaxşı dünya standartları səviyyəsində dərsliklər nəşri sahəsində azərbaycanlı mütəxəssislərlə əməkdaşlıq etməyə hazırdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev