Ukraynanın Çerniqov şəhərində Novruz bayramı ilə bağlı tədbir keçirilib
Çerniqov, 24 mart, AZƏRTAC
Ukraynanın Çerniqov şəhərində Novruz bayramı ilə bağlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verib ki, tədbirdən öncə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Çerniqov vilayəti təşkilatının konfransı keçirilib.
Konfransda çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Təşkilatının sədri Rövşən Tağıyev bildirib ki, dünyada mürəkkəbləşən proseslər fonunda Azərbaycan diasporu daha effektiv və yeni metodlarla mübarizə aparmalıdır. Antimilli, anti-Azərbaycan qüvvələrə qarşı daha amansız mövqe nümayiş etdirməlidir. Diasporun əsas vəzifəsi Azərbaycan həqiqətlərini və cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasətin nəticələrini dünya ictimaiyyətinə çatdırmaqdır. Bu işdə Ukraynada fəaliyyət göstərən diaspor üzvlərinin üzərinə böyük vəzifə düşür.
Birləşmiş Ukrayna Azərbaycanlıları Təşkilatının Çerniqov vilayət təşkilatının sədri İsgəndər Vəliyev bildirib ki, dünyada yaşayan hər bir soydaşımız Azərbaycanı layiqincə təmsil etməli, yaşadığı ölkənin cəmiyyətinə inteqrasiya etməli, Azərbaycanın mənafeyi üçün öz töhfəsini verməlidir.
Çerniqov Şəhər Dövlət Administrasiyası rəhbərinin müavini Aleksandr Şevçuk deyib ki, əsrlərboyu qeyd edilən Novruz bayramı barışıq və sülh rəmzidir. Çerniqov vilayətində də hər il Novruz bayramı ilə bağlı dövlət tədbirləri keçirilir.
Birləşmiş Ukrayna Azərbaycanlıları Təşkilatının sədri Rövşən Tağıyev, qurumun Çerniqov vilayət təşkilatının sədri İsgəndər Vəliyev və Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin Çerniqov vilayət təşkilatının sədri Ruslan Mikayılov Novruz bayramının tarixindən, milli ənənələrimizdən danışıblar.
Aktiv diaspor fəalları mükafatlandırıldıqdan sonra Azərbaycan və Ukrayna incəsənət nümayəndələrinin, yəhudi, bolqar, Belarus diasporlarının rəqs qruplarının iştirakı ilə konsert keçirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Çerniqov