SİYASƏT
“Ulu öndər Heydər Əliyev ideyaları əbədidir” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 1 may (AZƏRTAC). Mayın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində “Tarix klubu” layihəsi çərçivəsində “Ulu öndər Heydər Əliyev ideyaları əbədidir” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
YAP Gənclər Birliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxış edərək ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər salmış və bir sıra tarixi amillərə toxunmuşdur.
“Azərbaycan xalqının dahi şəxsiyyəti, müasir dövlətimizin memarı və qurucusu Heydər Əliyev həyat və fəaliyyətinin bütün dövrlərində yalnız ölkəmiz haqqında düşünmüş, xalqımızın xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməmişdir”, - deyən Mübariz Qurbanlı, eyni zamanda, qeyd etmişdir ki, hakimiyyətdə olduğu illərdə Ulu Öndər bu missiyasını inamla, qətiyyətlə, müdrik siyasəti ilə həyata keçirməyə nail olmuşdur. İstər sovet hakimiyyəti dövründə, istərsə də Azərbaycan müstəqillik qazandıqdan sonra onun ürəyi Vətəni, xalqı üçün döyünmüşdür.
Diqqətə çatdırılmışdır ki, bu müdrik şəxsiyyət 1990-cı illərin əvvəllərində ölkədə baş verən xaos və anarxiyanın qarşısını qətiyyətlə almışdır. 1993-cü ilin yayından başlayaraq isə bütün var gücünü ölkənin güclənməsinə, inkişafına, beynəlxalq aləmdə tanınmasına sərf etmişdir. Nəticədə isə Azərbaycan, xalqımız bütün çətinliklərdən xilas olaraq həm regionda, həm də dünyada söz sahibinə çevrilmişdir.
“Dəyirmi masa”da gənclər və Milli Məclisin deputatı arasında müxtəlif mövzuları əhatə edən bir-birindən maraqlı müzakirələr olmuşdur.