ULU ÖNDƏR HEYDƏR ƏLİYEV MİLLİ MEMARLIQ ƏNƏNƏLƏRİNİN QORUNMASINA XÜSUSİ ÖNƏM VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, bu fikir aprelin 26-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində (DŞAK) ümummilli liderimizin 85 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan memarlığı” mövzusunda keçirilən elmi-praktik konfransda səslənmişdir.
İştirakçılar əvvəlcə ulu öndərin Heydər Əliyev adına sarayın qarşısındakı abidəsini ziyarət edərək əklil qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
DŞAK, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) və Memarlar İttifaqının (Mİ) təşkilatçılığı ilə keçirilən konfransı açan komitənin sədri Abbas Ələsgərov bildirmişdir ki, özünəməxsus tarixə və inkişaf mərhələlərinə malik olan Azərbaycan memarlığının tərəqqisində xalqımızın müdrik oğlu Heydər Əliyevin xüsusi xidmətləri vardır. İlk arzusu memarlıq sənətinin incəliklərinə yiyələnmək olan Heydər Əliyev sonralar Azərbaycanın rəhbəri kimi tikinti memarlığında da çox dəyərli irs yarada bilmişdir. Bu irs zaman-zaman elmi-praktik araşdırmaların, peşəkar baxışların diqqət mərkəzində olacaq, tədqiq ediləcəkdir.
A.Ələsgərov demişdir ki, bu gün respublikamızda hər bir quruculuq işində, şəhərsalmanın digər təzahürlərində biz ulu öndər Heydər Əliyevin fəaliyyəti sayəsində formalaşmış tarixi ənənənin davamını, bu sahədəki varisliyin bariz nümunəsini görürük. Bu gün Azərbaycanın memarlığı və şəhərsalmasında yeni mərhələ başlamışdır və bu, Heydər Əliyev irsinə sadiqlik nümunəsidir.
DŞAK-ın şöbə müdiri Cahangir Qocayev “Heydər Əliyev və müstəqil Azərbaycanda tikinti-investisiya fəaliyyətinin inkişaf meyilləri” mövzusundakı məruzəsində bildirmişdir ki, ümummilli liderimiz respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə tikinti-quruculuq işlərinə böyük önəm vermiş, həyata keçirilən inşaat işləri zamanı milli memarlıq və şəhərsalma qaydalarının qorunub saxlanmasına diqqət yetirmişdir. Məhz onun böyük səyləri nəticəsində Azərbaycanın bütün rayonlarında tarixi memarlıq ənənələrinə əsaslanan nəhəng quruculuq işləri aparılmışdır.
Ulu öndərin hazırladığı strategiya sayəsində bu gün Azərbaycan xaricdən investisiyalar cəlb edən ölkədən qonşu dövlətlərə sərmayə qoyan dövlətə çevrilmişdir.
AMİU-nun prorektoru Nərgiz Abdullayeva “Heydər Əliyev və sahə təhsilinin inkişafı”, əməkdar memar Nəriman Əliyev “Heydər Əliyev və XX əsrin 70-80-ci illərində Azərbaycan memarlığının inkişafı”, Mİ-nin katibi Fərhad Mollazadə “Heydər Əliyev və şəhərsalma siyasəti”, əməkdar memar Nizami Nağıyev “Heydər Əliyev və kurort-turizm məskənlərinin inkişafı” mövzularında məruzə etmişlər. Onlar ümummilli liderimizin yalnız müasir Azərbaycan dövlətinin qurucusu deyil, həm də müasir yaşayış məskənlərinin memarı olduğunu vurğulamışlar. Ulu öndərin Azərbaycanda aparılan hər bir tikinti-quruculuq işləri ilə şəxsən maraqlandığı, bu gün memarlığı ilə göz oxşayan sarayların, Bakı İdman-Konsert Kompleksi, hava limanı və digər tikililərdə şəxsən onun memarlıq dəsti-xəttinin olduğu qeyd edilmişdir.
Elmi-praktik konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
######
![]() |
![]() |

