ULU ÖNDƏR HEYDƏR ƏLİYEV UŞAQLARA DAİM BÖYÜK DİQQƏT VƏ QAYĞI GÖSTƏRMİŞDİR
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə mayın 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzində “Uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə müəllimlər arasında keçirilən maarifləndirici müəllif tədris proqramının ümumrespublika müsabiqəsi”nin yekunu və Uşaq Avtomobil Şəhərciyinin təmirdən sonra açılışı mərasimi keçirilmişdir.
Bundan əlavə, mərkəzdə müxtəlif məktəblərdən olan 80-ə yaxın 6-10 yaşlı uşaqlar arasında “Yol hərəkəti qaydaları və mən” devizi altında rəsm müsabiqəsi də təşkil olunmuşdur.
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov bu tədbirin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilməsinin təsadüfi olmadığını bildirmişdir. Qeyd etmişdir ki, uşaqlarda ümummilli liderimizə məhəbbət hissi daha böyükdür və onlar ulu öndəri sevir, həyat və yaradıcılığı ilə daim maraqlanırlar. Burada uşaqların yaratdıqları əsərlərdə də ulu öndərlə bağlı mövzular daha çoxdur.
Gənclərə və uşaqlara göstərilən dövlət qayğısından danışan Ramiz Zeynalov vurğulamışdır ki, dünya şöhrətli siyasətçi Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə uşaqlara daim diqqət və qayğı göstərmiş, onların istedadına qiymət vermiş, inkişafı, təhsildə uğur qazanmaları üçün hər cür şərait yaratmışdır.
Uşaqların təhlükəsizlik tədbirlərinə hazır olmalarının, öz həyatlarını qorumalarının, yol hərəkəti qaydalarına riayət etmələrinin, onlardan istifadə qaydalarını öyrənmələrinin başlıca amillərdən biri olduğunu deyən rəis söyləmişdir ki, hər bir şəxs yol hərəkəti qaydalarını bilməlidir. R.Zeynalov əmin etmişdir ki, yol polisinin əməkdaşları bundan sonra da uşaqların təhlükəsizliyinin təmin olunması naminə əllərindən gələni əsirgəməyəcəklər.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Ərəstun Məcidov bildirmişdir ki, ötən il daxili işlər naziri, general-polkovnik Ramil Usubov və təhsil naziri Misir Mərdanovun birgə imzaladıqları əmrə əsasən, ümumtəhsil məktəblərində uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə müəllimlər arasında maarifləndirici müəllif tədris proqramının ümumrespublika müsabiqəsi keçirilmişdir. Müsabiqəyə respublikanın 17 rayonundan xeyli sayda müəllif tədris proqramı təqdim olunmuşdur. Müsabiqənin təşkilat komitəsi Təhsil Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsinin 10 nəfərdən ibarət əməkdaşlarından təşkil olunmuşdur.
Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəbin direktoru və digər natiqlər tədbirin mahiyyətindən, uşaqlara göstərilən diqqət və qayğıdan danışmışlar.
Bildirilmişdir ki, uşaqların hərtərəfli inkişafı, sağlam formalaşması üçün ilboyu dövlət və qeyri-dövlət təşkilatları, ümumtəhsil məktəbləri, yardımçı məktəblər və məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqəli iş aparılır. Uşaq və yeniyetmələrlə, həmçinin müntəzəm olaraq yol hərəkəti qaydaları, elmi-texniki yeniliklər haqqında tərbiyəvi söhbətlər, təcrübi məşğələlər təşkil edilir, uşaq təhlükəsizliyi ilə bağlı tədbirlər həyata keçirilir.
Məlumat verilmişdir ki, uşaqların asudə vaxtlarının mənalı təşkili istiqamətində fəalliyyət göstərən mərkəz çoxprofilli bölmələr vətənpərvərlik və hərbi vətənpərvərlik, estetika, ekologiya, elmi-texniki, incəsənət, fiziki tərbiyə üzrə 27 adda dərnək, klub və seksiyaları birləşdirir.
Ramiz Zeynalov uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə müəllimlər arasında keçirilən maarifləndirici müəllif tədris proqramının ümumrespublika müsabiqəsinin və 6-10 yaşlı uşaqlar arasında təşkil edilən “Yol hərəkəti qaydaları və mən” devizi altında rəsm müsabiqəsinin qaliblərinə mükafatlar təqdim etmişdir.
İştirakçılar sonra uşaqların asfalt üzərində çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət yaradıcılıq sərgisi ilə tanış olmuş, interaktiv oyunlara, təcrübi məşğələlərə - velosipedçilər və balaca sürücülərin çıxışlarına baxmışlar.
Mərasim bədii hissə ilə başa çatmışdır.
######
