Ulu Öndərə həsr olunmuş tədbir: Tarix yaradan şəxsiyyət
Bakı, 4 may, AZƏRTAC
Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli”nə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və 276 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdən öncə şagirdlərin əl işlərindən ibarət Ulu Öndərə həsr olunmuş sərgiyə baxış keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri açan 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısındakı tarixi xidmətləri, təhsilə göstərdiyi diqqət və qayğısı barədə danışıb.
Ümummilli Liderə həsr olunmuş tədbirdə BDU-nun Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov geniş məruzə ilə çıxış edib. O, Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib, müstəqil Azərbaycanın bu günü üçün Ulu Öndərin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlərdən bəhs edib və bu barədə tarixi faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov dövlətin, dövlətçiliyin formalaşdırılmasında Ulu Öndərin xidmətlərindən bəhs edib, həmçinin onun bu istiqamətdəki fəaliyyətindən irəli gələn dəyərlərin qorunub saxlanılmasının vacibliyinə toxunub. Müdir müavini bütün həyatı boyu Azərbaycanın gələcəyini düşünən Ulu Öndərin strateji yanaşmasının parlaq nəticələrinin hələ uzun illər müşahidə olunacağını bildirib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov təhsil müəssisələrində “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdən bəhs edib, bu kimi tədbirlərin Ümummilli Liderin zəngin siyasi irsinin, şərəfli həyat yolunun gənc nəslə çatdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Tədbirdə məktəbin şagirdlərinin 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə dahi şəxsiyyət Heydər Əliyevə həsr etdikləri ədəbi-bədii kompozisiyalar nümayiş olunub, şeirlər, mahnılar səsləndirilib.