Ulu Öndərə həsr olunmuş tədbir: “Ürəklərə iz salan insan”
Bakı, 5 may, AZƏRTAC
Bakı şəhəri 20 nömrəli məktəb-lisey tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ürəklərə iz salan insan” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, öncə məktəbin həyətində hərbi orkestrın ifasında Dövlət Himni səsləndirilib və şagirdlərin iştirakı ilə fləşmob nümayiş olunub.
Daha sonra şagirdlər Heydər Əliyev adına muzeydə dövlət xadimlərinin Ulu Öndər haqqında söylədikləri fikirləri səsləndiriblər.
Sonra qonaqlar Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Tədbir Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilərin vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.
Tədbirdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva bu il 100 illik yubileyi qeyd olunan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyəti kimi milyonlarla insanın qəlbində əbədi yaşadığını söyləyib. Ulu Öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini deyən idarə müdiri Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırıb.
M.Vəliyeva Ümummilli Lider Heydər Əliyevin uğurlu həyat və fəaliyyətini təhsil müəssisələrində geniş təbliğ etmək məqsədilə Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən çoxsaylı tədbirlərdən, layihələrdən bəhs edib. Bildirib ki, 20 nömrəli məktəb-lisey tərəfindən təşkil olunmuş “Ürəklərə iz salan insan” adlı tədbir paytaxt məktəblilərinin Heydər Əliyev dühasına sevgi və ehtiramının bariz nümunəsidir.