Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş sərginin qalibləri müəyyənləşib
Bakı, 5 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Müstəqil Azərbaycanın memarı - Heydər Əliyev 100” adlı tələbələrin rəsm və əl işlərindən ibarət sərgi keçirilib. Sərgi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Azad Həmkarlar İttifaqı Komitəsi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Sərgidə universitetin Memarlıq fakültəsi və İnşaat Kolleci tələbələrinin ümumilikdə 80-dən çox rəsm və əl işi nümayiş olunub. Tələbələr qrafika, portret, natürmort, peyzaj və s. janrlarda kətan üzərində yağlı boya və karandaşla çəkdikləri, nimçə üzərində yaratdıqları əl işlərini sərgi iştirakçılarına təqdim ediblər.
Sonda münsiflər tərəfindən seçilmiş 3 ən yaxşı işin müəllifləri xüsusi diplom və hədiyyələrlə mükafatlandırılıb. İnşaat Kollecinin 3 müəlliminə, eləcə də digər iştirakçılara təşəkkürnamələr verilib.