ULU ÖNDƏRİN 85 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS-SƏRGİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mərkəzi elmi kitabxanası ilə birgə ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsinin tədqiqi və təbliği” mövzusunda konfrans-sərgi keçirmişdir.
Nazir Hüseynqulu Bağırov ulu öndərin zəngin və mənalı həyat yolundan, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışmışdır. Tədbirin əhəmiyyətindən söz açan H.Bağırov, ulu öndərin irsinin tədqiqi və təbliği istiqamətində atılan hər bir addımın ölkəmizdə sağlam düşüncəli gənc nəslin formalaşmasına xidmət etdiyini vurğulamışdır.
AMEA-nın mərkəzi elmi kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Kəngərli çıxış edərək, unudulmaz şəxsiyyətin ölkəmizdə elm, təhsil, mədəniyyət sahəsinin inkişafı üçün göstərdiyi xidmətlərdən danışmışdır. O, elmimizə, iqtisadiyyatımıza, dövlətçiliyimizə, ümummilli liderimizin irsinə həsr olunmuş kitabların nəinki ölkəmizdə, eyni zamanda vətənimizin hüdudlarından kənarda da nümayiş etdirildiyini bildirmişdir. 2003-cü ildə mərkəzi elmi kitabxanada “Azərbaycan dövlətçiliyi və Heydər Əliyev” kitabxanasının yaradıldığını xatırladan A.Kəngərli burada müxtəlif yazıçıların, alimlərin və siyasətçilərin Heydər Əliyevlə bağlı yazdıqları 3500-dən çox əsərin toplandığını vurğulamışdır.
Sərgidə ulu öndərin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, onun respublikanın sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artırılması üçün apardığı ardıcıl və məqsədyönlü siyasətini əks etdirən 600-dən çox kitab nümayiş olunmuşdur.
######
