Ulu öndərin anadan olmasının 88-ci ildönümü Küveyt Dövlətində anılmışdır
Bakı, 11 may (AZƏRTAC). Azərbaycanın Küveyt Dövlətindəki səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü günündə Küveyt Dövlətində Azərbaycan mədəniyyəti günləri açılmışdır.
Mədəniyyət günləri Əl-Küveyt şəhərinin “Dasma” Mərkəzi sərgi və konsert kompleksində təşkil olunmuşdur. Tədbir Azərbaycanın füsunkar təbiətini, zəngin mədəniyyətini, iqtisadi inkişafını əks etdirən foto-sərginin nümayişi ilə başlamışdır.
Ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, Küveytin Mədəniyyət və Ədəbiyyat Ali Şurası və Küveyt dövlətindəki səfirliyimizin təşkilatçılığı ilə hazırlanan ekspozisiyanın xüsusi guşəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şanlı həyat yolunu əks etdirən nəşrlərlə yanaşı, dahi şəxsiyyətin xarici ölkə başçıları ilə görüşləri, nüfuzlu beynəlxalq təşkilatlardakı çıxışları, həmçinin, Azərbaycanın təsərrüfat-sənaye obyektlərində aparılan genişmiqyaslı tikinti-quruculuq işləri zamanı çəkilən fotoşəkillər, ulu öndər haqqında yazılan kitablar nümayiş etdirilir.
Ulu öndərin anadan olmasının 88-ci ildönümü Küveytin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır. Belə ki, Azərbaycan xalqının ümummilli liderinin həyatını və dünyamiqyaslı siyasi fəaliyyətini əks etdirən məqalələr mayın 9-da nüfuzlu “Əl-Vasat” və mayın 10-da “Ər-Rai” qəzetlərində dərc olunmuşdur.
Azərbaycan mədəniyyəti günlərinin təntənəli açılış mərasimində Küveyt Dövləti Qadın məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Səlim Əl-Sabah, Mədəniyyət və Ədəbiyyat Ali Şurasının sədri Əli Yuxa, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları və diplomatik korpusun digər nümayəndələri, parlamentin millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər iştirak etmişlər.
Daha sonra Əl-Küveyt şəhərinin “Dasma” Mərkəzi sərgi-konsert kompleksində Azərbaycan mədəniyyət xadimlərinin ifasında maraqlı konsert proqramı təşkil olunmuşdur.
Azərbaycan Dövlət mahnı və rəqs ansamblı “Cəngi”, “Qılınclarla rəqs”, “Yallı”, “Uzundərə”, “Qaytağı”, “Qavalla rəqs”, “Azərbaycan” rəqslərini, Azərbaycan Respublikasının Xalq Artisti Cabir Abdullayev “Aşiqəm” xalq mahnısını, Nəzakət Teymurova “Sarı gəlin”, Vüsalə Musayeva “Şuşanın dağları” mahnılarını, “Xarı bülbül” muğam qrupu “Çahargah rəngi”, “Aşıq Cünun” kompozisiyası, instrumental musiqi nömrəsini, Azərbaycanın Əməkdar Artisti Anar Hüseynli Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından Əsgərin mahnısını, Səlim Abbasov isə skripkada “Küveyt təranələri” musiqi nömrələrini böyük məharətlə ifa etmişlər. Mədəniyyət xadimlərimizin konsert proqramı Küveyt musiqisevərlərinin böyük rəğbətinə səbəb olmuşdur. Tamaşaçılar ifaçılarımızı ayaqüstündə alqışlamışlar.
Sərgi və konsert proqramı Küveyt kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. Küveytin aparıcı televiziya kanalları (1-ci kanal və 2-ci kanal, “Ər-Rai” və “Əl-Vətən”) sərgi və konsert proqramını lentə alınmışlar. Tədbirdə Küveytin nüfuzlu “Ər-Rai”, “Əl-Qabas” və “Əs-Siyasə” qəzetlərinin müxbirləri iştirak etmişlər.