Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsinə həsr olunmuş interaktiv tədbir keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə “Antibiotiklərdən sui-istifadəyə yox deyək!” mövzusunda interaktiv tədbir keçirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təşkil edilən tədbirin məqsədi antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanması istiqamətində maarifləndirilmənin aparılmasından ibarət olub.
Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin tələbə və müəllimlərinin iştirakı ilə keçən tədbirdə fakültənin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri dosent İbrahim Əhmədov bu sahədə aparılan təbliğat və təşviqat tədbirlərinin əhəmiyyətini qeyd edərək bildirib ki, Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsi çərçivəsində keçirilən tədbirlərin məqsədi antibiotiklərdən lüzumsuz istifadənin qarşısını almaq və onların qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin olunmasına nail olmaqdan ibarətdir.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin həkim-metodisti Pərvin Quliyeva “Antibiotiklər. Miflər və həqiqətlər” mövzusunda təqdimatla çıxışında deyib ki, antibiotikə qarşı davamlılığın güclənməsi qlobal sağlamlığın üzləşdiyi əsas təhlükələrdən biridir: “Dünyada təxminən hər il 700 min nəfər müxtəlif dərmanlara qarşı müqavimət göstərən bakteriya ilə yoluxaraq dünyasını dəyişir. Onlardan 33 mini yalnız Avropa İttifaqının payına düşür. Mikrob əleyhinə müqavimətlə mübarizə üçün “Bir sağlamlıq” yanaşması qəbul edilib. Bu, regionda və dünyada antibiotiklərlə bağlı real inkişafa nail olmaq üçün yeganə üsul hesab edilir. “Bir sağlamlıq” yanaşmasına əsasən, insan və heyvan sağlamlığı, eləcə də ətraf mühit bir-biri ilə sıx əlaqədədir”.
Tədbir “Antibiotiklər barədə maraqlı məlumatlar” mövzusunda interaktiv oyunla davam edib. Tələbələr antibiotiklərin düzgün istifadəsi ilə bağlı sualları cavablandıraraq mövzuya dair geniş məlumat əldə ediblər.
Yekunda qaliblərə və iştirakçılara xatirə hədiyyələri və maarifləndirici materiallar təqdim olunub.