Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir təşkil olunub
Bakı, 28 aprel, AZƏRTAC
28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar “Bibiheybət” Gəmi Təmiri Zavodunda tədbir keçirilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, zavodun bütün bölmə və sahələrini əhatə edən tədbirdə bölmə və sahə rəisləri, mühəndislər, ustalar və işçilər iştirak ediblər.
Müxtəlif bölmələrdə işçilərə əməyin mühafizəsi, məlumatların toplanması və istifadəsi üsulları barədə ətraflı məlumat verilib, həmçinin təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinin vacib olduğu bildirilib.
Zavodun şöbə, bölmə və sahə rəislərinə isə tapşırılıb ki, istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması, işçilərə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunması nəzarətdə saxlanılsın.