“ÜMUMDÜNYA FƏLSƏFƏ GÜNÜ”NƏ HƏSR EDİLMİŞ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Tədbirdə institutun direktoru, fəlsəfə elmləri doktoru, professor Yusif Rüstəmov fəlsəfə elminin öyrənilməsinin əhəmiyyətindən, fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının və sabitliyin qorunmasındakı rolundan danışmış, digər elmlərin dərindən mənimsənilməsində fəlsəfi mülahizələrin zəruriliyini vurğulamışdır. Bu elmi qurumun fəaliyyəti haqqında məlumat verən Y.Rüstəmov, AMEA-nın tarixində ilk dəfə olaraq, son dörd ildə 200-ə yaxın kitabın nəşr edildiyini, hər biri ildə dörd nömrə olmaqla beş dövri jurnal buraxıldığını bildirmişdir.
Konfransda fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasovun ”İntellektual resurs – müasir cəmiyyətin innovasion sisteminin əsasıdır”, fəlsəfə elmləri doktoru, professor Cəmil Əhmədlinin “Azərbaycan mədəniyyətinin tədqiqinin metodoloji əsasları”, fəlsəfə elmləri doktoru Əli Abbasovun “Qloballaşma dövründə dünyagörüşünün böhranı”, fəlsəfə elmləri namizədi Füzuli Qurbanovun “Azərbaycan fəlsəfəsinin kommunikasiya problemləri haqqında”, fəlsəfə elmləri doktoru Adil Əsədovun “Alman fəlsəfəsi nədən belə sxolastikdir?” və s. mövzularda məruzələri dinlənilmişdir.
Çıxış edənlər fəlsəfi problemlər, cəmiyyətdə fəlsəfənin mövqeyinin möhkəmləndirilməsinin zəruriliyi, ali məktəblərdə bu elmin tədrisi səviyyəsinin artırılmasının vacibliyindən danışmışlar.