ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZV OLMAQ AZƏRBAYCAN HÖKUMƏTİNİN PRİORİTETLƏRİNDƏNDİR
Azərbaycanın ÜTT-yə üzvlük prosesində işlərin gedişinin, qarşıya çıxan problemlər və onların həlli yollarının, bu sahədə gələcək fəaliyyət istiqamətlərinin müzakirə edildiyi görüşdə H.Babayev təşkilata üzv olmanın Azərbaycan hökumətinin prioritetlərindən olduğunu diqqətə çatdırmış, görülən işlər barədə ətraflı məlumat vermişdir.
Bu istiqamətdə birgə səylərin gücləndirilməsinin vacibliyini qeyd edən A.Hüseyn, Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı artıq müsbət mövqenin olduğunu vurğulamışdır. O, ABŞ, Çin və başqa ÜTT üzvü olan ölkələrin Azərbaycana bu istiqamətdə dəstək verməyə hazır olmasının ölkəmizin bu təşkilata üzvlük prosesinin sürətlənməsinə imkan yaratdığını demişdir.
A.Hüseyn Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı işlərin gedişi barədə ÜTT Katibliyinin “Üzv olma prosesləri” üzrə qurumunun hazırladığı hesabatı, növbəti mərhələ üçün cavablandırılması lazım olan sorğunu nazir H.Babayevə təqdim etmişdir.
H.Babayev Xarici İşlər Nazirliyi ilə mütəmadi müzakirələrin aparıldığını diqqətə çatdırmış, sorğunun ÜTT-yə üzv olma prosesi çərçivəsində gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli olacağını bildirmişdir.
Görüşdə ÜTT-yə üzv olma istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı planın hazırlanması məsələsi də müzakirə olunmuşdur.
A.Hüseyn rəhbərlik etdiyi qurumun Azərbaycanın ÜTT-yə üzv olması prosesində hər cür dəstək göstərəcəyini demişdir.