ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ ELMİ-TƏCRÜBİ KONFRANS
AZƏRTAC xəbər verir ki, aprelin 30-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş elmi-təcrübi konfrans keçirilmişdir.
Konfrans Heydər Əliyevin abidəsi önünə gül çələnginin qoyulması ilə başlanılmışdır. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Nazim Ələkbərov konfransı giriş sözü ilə açaraq, ümummilli liderin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışmış, ulu öndərin dövlətçiliyimizin möhkəmləndirilməsi, demokratik dəyərlərin inkişaf etdirilməsi, hüquqi dövlətin qurulması sahəsindəki fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü, YAP-ın Səbail rayon təşkilatının sədri, pedaqoji elmlər doktoru, professor Zahid Qaralovun “Heydər Əliyevin elmi-nəzəri irsinin öyrənilməsi və təbliği haqqında”, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimovun “Heydər Əliyev şəxsiyəti”, parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəblinin “Heydər Əliyev və sosial müdafiə” mövzularında çıxışları konfrans iştirakçıları tərəfindən böyük maraqla dinlənilmişdir.
Tədbirdə çıxış edən Penitensiar Xidmətin rəhbər işçiləri ölkəmizdə həyata keçirilən əsaslı hüquqi islahatların, mütərəqqi, insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş cəza-icra qanunvericiliyinin formalaşmasının məhz ulu öndərin məqsədyönlü və yorulmaz fəaliyyətinin nəticəsi olduğunu qeyd etmişlər.
Konfransın yekununda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin muzeyində ümummilli lider Heydər Əliyevə həsr olunmuş zala kollektiv baxış keçirilmişdir.