Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Tehranda mərasim keçirilmişdir
Bakı, 11 may (AZƏRTAC). Azərbaycanın İrandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə, həmçinin ARDNŞ-in İrandakı nümayəndəliyinin təşəbbüsü ilə çap olunmuş “Azərbaycan-İran: Dostluq, qardaşlıq və həmkarlığın yeni mərhələsi” adlı kitabın təqdimatı olmuşdur.
Tədbirdə rəsmi şəxslər, Tehranda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ziyalılar, ictimaiyyətin nümayəndələri və başqaları iştirak etmişlər.
Ölkəmizin İrandakı səfiri Cavanşir Axundov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat vermiş, müstəqil Azərbaycanın möhkəmlənməsi, inkişafı, beynəlxalq aləmdə layiqli yerini tutması istiqamətində göstərdiyi misilsiz xidmətlərdən danışmışdır. Bildirmişdir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilərək ümummilli lider adını qazanmışdır.
Ulu öndərin Azərbaycan-İran əlaqələrinin möhkəm təməlinin yaradılmasında, İran prezidentləri ilə səmimi dost münasibətlərinin qurulmasında əvəzsiz xidmətlərini qeyd edən səfir hazırda hər iki ölkənin bu siyasətdən bəhrələndiyini vurğulamışdır. Dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Mahmud Əhmədinejad tərəfindən uğurla davam etdirildiyini vurğulayan C.Axundov əlavə etmişdir ki, təqdimatı keçirilən kitab məhz bunun nəticəsində ərsəyə gəlmişdir.
Ziyalılar adından çıxış edən şair Haşem Tərlan ulu öndərin əziz xatirəsini həmişə yad etdiklərini bildirərək onun elm adamlarına, incəsənət xadimlərinə, şair və yazıçılara göstərdiyi diqqət və qayğıdan danışmış, ümummilli liderə həsr etdiyi “Dahilər də dünyadan köçür” adlı şeirini oxumuşdur.
Azərbaycan Dövlət Neft Şirkətinin İrandakı nümayəndəliyinin rəhbəri Oqtay Sadıqzadə ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək onun müəyyənləşdirdiyi neft strategiyası barədə danışmış, “Əsrin müqaviləsi”nin imzalanmasında ulu öndərin xüsusi xidmətlərinin olduğunu bildirmişdir. Azərbaycan və İran arasında dostluq, qardaşlıq və əməkdaşlığın hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan O.Sadıqzadə “Azərbaycan-İran: Dostluq, qardaşlıq və həmkarlığın yeni mərhələsi” kitabının da məhz bu münasibətlə nəşr etdirildiyini bildirmişdir.
Tədbirdə iştirak edən aşıq Səlcuq Şahbazinin rəhbərlik etdiyi “Dədə Qorqud” aşıqlar ansamblı geniş konsert proqramı ilə iştirak etmişdir. Ümummilli liderə həsr olunmuş dastandan ifa olunan mahnılar iştirakçıların marağına səbəb olmuşdur.