“Ümummilli Lider Heydər Əliyevin siyasi konsepsiyasında Azərbaycan gəncliyi” - seminar
Bakı, 5 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyevin siyasi konsepsiyasında Azərbaycan gəncliyi” mövzusunda seminar olub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Tədbir Tarix Muzeyinin və Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin birgə təşkilatçılığı ilə keçirilib. Seminarda muzeyin əməkdaşları, BDU-nun Tarix fakültəsinin müəllim və tələbələri, hərbi təhsil müəssisəsinin kursantları iştirak ediblər.
İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi muzeydə “Heydər Əliyev İli”nə həsr edilmiş silsilə tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb.
Tarix fakültəsinin dosenti Arzu Xəlilzadənin "Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizlik siyasəti”, fakültənin müəllimləri Qənirə Mirzəxanlının "Heydər Əliyev və Azərbaycan gəncliyi", Sürəyya Allahverdiyevanın “Heydər Əliyev və tarix elmi” mövzularında məruzələri dinlənilib.
Sonda iştirakçılara təşəkkürnamə və sertifikatlar təqdim olunub.