Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinə ehtiram
Bakı, 19 oktyabr, AZƏRTAC
Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz oktyabrın 19-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn nazir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Qonaq Bakının ən hündür nöqtəsindən şəhərin mənzərəsini seyr edib.
Jurnalistlərə müsahibəsində Manuel Qonzales Sanz Bakıda gördüyü sürətli inkişaf prosesinin, paytaxtda həyata keçirilən abadlıq, quruculuq işlərinin onda böyük təəssürat yaratdığını bildirib. Nazir səfərin əsas məqsədinin iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, sərmayə qoyuluşu, ticarət, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi olduğunu söyləyib. O, ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.