ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XALQIMIZ QARŞISINDA MİSİLSİZ XİDMƏTLƏRİ BİR DAHA XATIRLADILMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 11-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.
Xidmətin rəis müavini Emin Şahbazov xalqımızın dahi oğlu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizin inkişafında misilsiz xidmətlərindən danışmışdır. Milli dövlətçiliyimizin formalaşmasında, müstəqilliyimizin əbədi və yenilməz olmasında ümummilli lider Heydər Əliyevin xidmətləri diqqətə çatdırılmışdır. Natiq respublikamızın keçmiş SSRİ-nin tərkibində olduğu dövrü xatırladaraq, 1970-80-ci illərdə ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə tərəqqisini vurğulamışdır. Həmin illərdə Azərbaycanın bugünkü inkişafı üçün böyük potensial bazanın yaradıldığı qeyd edilmişdir. Bildirilmişdir ki, xalqımızın taleyüklü məsələlərinin həlli bu dahi şəxsiyyətin adı və fəaliyyəti ilə bağlıdır.
Müstəqilliyini bərpa etmiş ölkəmizdə dövlət quruculuğu sahəsində əldə edilmiş uğurlardan danışan E.Şahbazov, ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycanın bu gün beynəlxalq aləmdə özünəlayiq yer tutduğunu söyləmişdir. Ulu öndərin apardığı ardıcıl və cəsarətli tədbirlər nəticəsində postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda israfçı, səmərəsiz, planlı təsərrüfat sistemindən imtina olunmuş, kənddə xüsusi mülkiyyətə və bazar iqtisadiyyatına əsaslanan yeni iqtisadi münasibətlər formalaşdırılmış, torpaqlar əvəzsiz olaraq kənd əhalisinin istifadəsinə verilmişdir. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında aparılan uğurlu iqtisadi islahatların nəticəsidir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıq neçə illərdir dinamik surətdə inkişaf edir.
YAP Kənd Təsərrüfatı Nazirliyi ilk təşkilatının sədri Vilayət Süleymanov, xidmətin rəis müavini Rəşid Abbasov və digərləri müstəqil dövlətçiliyimizin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında ulu öndərin müstəsna rolundan, aqrar sahənin inkişafına diqqət və qayğısından danışmış, Heydər Əliyevin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə və qətiyyətlə davam etdirildiyini vurğulamışlar.