Ümumtəhsil məktəb direktorlarının kommunikasiyasını təmin etmək məqsədilə “Direktorlar klubu” yaradılıb
Bakı, 18 may, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə “Direktorlar klubu” yaradılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, klubun əsas məqsədi ümumtəhsil məktəb direktorlarının kommunikasiyasını və təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığın inkişafına nail olmaq, bu yolla onların bacarıqlarını təkmilləşdirməkdir. Həmçinin təhsilin idarəetməsində keyfiyyətin inkişafına töhfə verməkdir. Bu çərçivədə direktorların görüşlərinin təşkili, onların idarəçilik təcrübəsinin daha geniş auditoriyaya çatdırılması, mövcud vəziyyəti daha da yaxşılaşdırmaq üçün müzakirələrin aparılması və ehtiyacların öyrənilməsi nəzərdə tutulur.
Bu məqsədlə mayın 18-dən etibarən “Məsləhətli saat” onlayn proqramın yayımına start verilir. Proqram Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Əməkdar müəllim Asif Cahangirovun təqdimatında hər həftənin çərşənbə axşamı saat 19:00-da “T-Network”un feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq. Proqramın ilk buraxılışında Bakı şəhəri 234 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədli və 69 nömrəli tam orta məktəbin direktoru Taleh Şahbazov çıxış edəcəklər.
Kluba üzv olmaq istəyən məktəb direktorları [email protected] elektron ünvanına müraciət edə bilərlər.