UN-Habitat-ın nümayəndəsi: Bakıda aparılan müzakirələrin konkret öhdəliklərə çevrilməsi vacibdir
Bakı, 18 may, AZƏRTAC
Hazırda qadınların təmsilçiliyi, liderlikdə iştirakı, iqtisadi səlahiyyətləndirilməsi və mənzilə çıxışı sahələrində ciddi boşluqlar mövcuddur. Demoqrafik dəyişikliklər fonunda əhalinin yarıdan çoxunu təşkil edən qadın və qızların şəhər və icma siyasətlərinin mərkəzində yer alması vacibdir. Bu yanaşma həm indiki, həm də gələcək nəsillər üçün dayanıqlı şəhər inkişafının əsas şərtidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Nyu-York Nümayəndəliyinin rəhbəri Toni-Şaye Freklton səsləndirib.
O bildirib ki, maliyyələşmə məsələləri xüsusi əhəmiyyət daşıyır: “Nə ölçülürsə, o da maliyyələşir və izlənilir” prinsipi göstərir ki, monitorinq və hesabatlılıq icra prosesinin ayrılmaz hissəsidir. Bu baxımdan, Bakıda aparılan müzakirələrin konkret öhdəliklərə və yerli səviyyədə real tədbirlərə çevrilməsi vacibdir. WUF13-də aparılan müzakirələr Nyu-Yorkda keçiriləcək yüksəksəviyyəli siyasi proseslər üçün mühüm əhəmiyyət daşıyır. Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci hədəfi və Yeni Şəhər Gündəliyinin icrası üzrə müzakirələr Nyu-Yorkda nəzərdən keçiriləcək, Bakıda formalaşan fikir və töhfələr həmin proseslərə birbaşa təsir göstərəcək”.
Toni-Şaye Freklton vurğulayıb ki, Bakıda aparılan müzakirələr təkcə texniki platforma deyil, həm də siyasi öhdəliklərin güclənidirilməsi üçün mühüm imkan yaradır. Onun sözlərinə görə, Azərbaycan ev sahibi kimi yüksək təşkilatçılıq nümayiş etdirir və forumda yaranan əməkdaşlıq mühiti qlobal səviyyədə davam edəcək proseslər üçün əlavə impuls verir.