Uqandalı mütəxəssis: WUF13 qlobal şəhər gündəliyində su və sanitariya əməkdaşlığına yeni imkanlar açır
Bakı, 17 may, AZƏRTAC
WUF13 dünyada sürətlə artan urbanizasiya proseslərinin yaratdığı çağırışlara cavab vermək və dayanıqlı şəhər inkişafı üzrə qlobal dialoqu gücləndirmək üçün mühüm platformadır.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Uqandadan olan su təsərrüfatı və kanalizasiya sahəsi üzrə mütəxəssis, Qlobal Su Operatorlarının Tərəfdaşlıq Alyansının sədri (WOP) Rouz Kristina Kaqva bildirib.
O qeyd edib ki, Uqanda “Afrikanın mirvarisi” kimi tanınan ölkələrdən biridir və Milli Su və Kanalizasiya Korporasiyası ölkə üzrə geniş xidmət şəbəkəsi ilə əhalinin su təchizatını təmin edir. Onun sözlərinə görə, WOP təşəbbüsləri çərçivəsində qurum Afrikada və digər regionlarda su operatorları arasında tərəfdaşlıqların inkişafına mühüm töhfə verir.
Rouz Kristina Kaqva vurğulayıb ki, WUF13 sürətlə artan urbanizasiya fonunda şəhərlərin xidmət yükünün də kəskin şəkildə artdığı bir dövrdə keçirilir. Onun sözlərinə görə, kənd yerlərindən şəhərlərə miqrasiya yaşayış, su təchizatı və sanitariya sistemlərinə əlavə təzyiq yaradır.
“Şəhərlərin inkişafı yalnız infrastruktur tikintisi ilə məhdudlaşmamalıdır. Eyni zamanda su və sanitariya daxil olmaqla əsas xidmətlərin inteqrasiyası təmin olunmalıdır”, – deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, hazırkı mərhələdə dövlətlər və şəhərlər təkbaşına deyil, regional və qlobal əməkdaşlıq çərçivəsində birgə həllər üzərində işləməyə üstünlük verir. Məqsəd isə qeyri-formal yaşayış məntəqələrinin azaldılması və əhalinin layiqli yaşayış şəraitinin təmin edilməsidir. Onun sözlərinə görə, “su həyatdır, sanitariya isə ləyaqətdir” prinsipi WUF13 çərçivəsində xüsusi aktuallıq daşıyır və forum müxtəlif tərəflər arasında dialoqun genişlənməsi, təcrübə mübadiləsi və siyasət formalaşdırılmasına təsir imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Rouz Kristina Kaqva diqqətə çatdırıb ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq çərçivəsində su operatorları şəhər strategiyalarının hazırlanmasına töhfə verir. O, WUF13-ün yekununda “Bakı çağırışı”nın qəbul olunacağına və bu sənədin gələcəkdə BMT Su Konfransına mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.