UNEC: Dekanların tələbənin təhsil haqqını hissə-hissə ödəməsi barədə qərar vermək səlahiyyəti var
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı sonuncu - dördüncü “Açıq qapı” günü keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Ədalət Muradov İctimai Nəzarət Şurasının üzvləri ilə birgə müraciətləri dinləyib. Görüşdə İctimai Nəzarət Şurasının üzvlərindən Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov və “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva, habelə universitetin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
“Açıq qapı”da rektora müxtəlif məsələlərlə bağlı müraciətlər ünvanlanıb. İki nəfər UNEC-də işləmək istədiyini bildirib. Ə.Muradov onlardan birinə elə növbəti semestrdən UNEC-in Zaqatala filialında Türk dünyası iqtisad fakültəsində ixtisasına uyğun fənnin tədrisini təklif edib. Təhsil haqqı borcunun ödənilməsinə görə möhlət istəyən tələbənin müraciəti də müsbət həllini tapıb. Rektor bildirib ki, ümumiyyətlə, bu məsələ ilə bağlı UNEC-də fakültə dekanlarına tam səlahiyyət verilib. Yəni dekanlar maddi baxımdan sıxıntı yaşayan tələbələrin təhsil haqlarını hissə-hissə ödəmələrinə icazə barədə qərar verə bilirlər. Xəstəliyi ilə bağlı dərslərə gələ bilməyən və qaib limitini aşdığına görə imtahana buraxılmayan qiyabi 5-ci kurs tələbəsinin güzəşt istəyinə də rektor tərəfindən müsbət cavab verilib.
Tədbirdə imtahan sessiyası, tələbənin biliyinin qiymətləndirilməsi ilə bağlı yalnız bir şikayət olub. Rektor Ədalət Muradov həmin müraciətin apellyasiya komissiyası tərəfindən obyektiv araşdırılmasını tapşırıb.
Bu “Açıq qapı” günündə də imtahan prosesi ilə bağlı şikayətin olmaması İctimai Nəzarət Şurası üzvləri tərəfindən müsbət qiymətləndirilib. Şuranın üzvü Sahib Məmmədov deyib ki, “Açıq qapı”da imtahanlar, tədris prosesi, müəllimlərlə bağlı şikayətin olmaması son illər UNEC-də davamlı görülən işlərin, həyata keçirilən islahatların nəticəsidir.
Bu həftədən etibarən UNEC-də qiyabi təhsil alanların imtahanları başlanır.