UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: yeni imkanlar və müasir çağırışlar
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) distant ali təhsil sahəsində qlobal müzakirələrə qoşulmaq və yeni ali təhsil modelinə müvafiq töhfələr vermək məqsədilə hər il keçirilməsi nəzərdə tutulan beynəlxalq foruma start verir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, ilk onlayn forum mayın 1-də saat 16-da keçiriləcək. Forumun moderatoru UNEC-in rektoru, professor Ədalət Muradov olacaq. Almaniya, Türkiyə, Kanada, İngiltərə və ABŞ-da yaşayan azərbaycanlı alimlərin bir platformada toplaşdığı onlayn forum Azərbaycan dilində aparılacaq. Dünyanın aparıcı ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərimiz distant təhsillə bağlı dəyərli mülahizələrini forumda bölüşəcəklər.
Distant ali təhsillə maraqlanan hər bir şəxs forumda iştirak edə bilər. Onlayn forumu UNEC-in rəsmi “Facebook” səhifəsindən, “YouTube” kanalından və unec.edu.az saytından canlı izləmək və suallar ünvanlamaq mümkün olacaq.
Forumda Almaniyanın Münxen Texniki Universitetinin professoru Məsud Əfəndiyev “Fürsət və riskləri ilə distant ali təhsil: mühazirə, seminar və qiymətləndirmə”, Türkiyənin İzmir İqtisad Universitetinin professoru İsmixan Bayramoğlu “Distant ali təhsil modelində keyfiyyət və texnoloji infrastrukturun əhəmiyyəti haqqında”, Kanadanın Vaterlo Universitetinin professoru İlham Axundov “Distant ali təhsilin yaratdığı üstünlüklər və problemlər”, İngiltərənin Durham Universitetinin professoru Nigar Həşimzadə “Onlayn tədris: Birləşmiş Krallıq açıq universitetinin təcrübəsi əsasında”, ABS-ın Şimali Dakota Dövlət Universitetinin professoru Fariz Hüseynov “İqtisadçı kadr hazırlığında distant təhsilin yaratdığı imkanlar” mövzularında məruzə ilə çıxış edəcəklər.