UNEC ilə Uludağ Universiteti arasında əməkdaşlıq genişlənir
Bakı, 7 may, AZƏRTAC
Türkiyənin Uludağ Universitetinin rektoru, professor Yusuf Ulcayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradovla görüşüb.
Görüşdən əvvəl qonaqlar Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib.
İqtisad Universitetindən AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki universitet arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Tərəflər təhsilin doktorantura pilləsində mübadilənin mümkünlüyü istiqamətində fikir mübadiləsi aparıblar. Uludağ Universiteti ilə UNEC arasında maliyyə və biznesin idarəedilməsi ixtisaslarında magistratura pilləsi üzrə ikili diplom proqramının icrasından irəli gələn məsələlər müzakirə edilib, müəllim və tələbə mübadiləsinin önəmi vurğulanıb.
Sonra qonaqlar UNEC-in Heydər Əliyevin irsinin öyrənilməsi mərkəzində ulu öndərin fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, universitetin şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan memorial kompleksi ziyarət ediblər. UNEC-in imtahan zalı, auditoriyaları və kitabxanasına baxış keçirən rektor Yusuf Ulcay elektron universitet modelini yüksək qiymətləndirib. O, təhsildə müasir texnologiyaların tətbiqini tədrisin keyfiyyətinin yüksəldilməsində önəmli amil adlandırıb.
Uludağ Universitetinin rektoru tələbələrlə görüşdən sonra “Radio UNEC”in canlı efirində qonaq olub.